Saxta isti mənfəətlərin şaxtasında soyuğun şərəfi - KÖŞƏ

Obr.az yazıçı-publisist Tural İbrahimin "Saxta isti mənfəətlərin şaxtasında soyuğun şərəfi" adlı köşə yazısını təqdim edir:

***

Bahar çiçəkləri aldadacaqsa, ömrümüzə əbədi soyuqlar düşsə yaxşıdır. Çünki dondurucu həqiqət, yandıran və aldadıcı bir yalandan min dəfə şərəflidir.

Dövran elə bir məqama gəlib çatdı ki, fəsillərin adları dəyişdi, anlayışların içi boşaldı. İnsanlar isti gülümsəmələrin arxasında soyuq hesablar, parlaq sözlərin altında isə qaranlıq niyyətlər gizlətməyi "müdriklik" adlandırdılar.

Hər kəs bir-birinə saxta vədlər paylayır, sanki ruhlar teatr səhnəsində parik taxmış aktyorlar kimi gəzir. İsti münasibətlər dedikləri şey, əslində insanı yavaş-yavaş içidən yandıran, ümidlərini külə çevirən bir saxtakarlıq maskasıdır. O maskaların altında nə səmimiyyət qalıb, nə də dürüstlük.

Məhz buna görə də, indi soyuğu sevmək fərz olub!

Soyuq dürüstdür. Şaxta insanın üzünə necə dəyirsə, özünü elə göstərir. Bürüyür, kəsir, amma heç vaxt aldatmır. Şaxta sizə bahar vəd edib xəzan yaşatmır. O, olduğu kimidir. Sərt, amansız, amma təmiz. Saxta istilərin verdiyi o zəhərli rahatlıqdansa, şərəfli bir soyuğun ayaqüstə donduran dürüstlüyü min dəfə üstündür. Çünki saxta vədlərlə qızınmaq, donmaqdan daha alçaldıcıdır.

Baharın saxta çiçəklərinə aldanıb solmaqdansa, soyuğun mərkəzində dik durub buz tutmaq bir şəxsiyyət qeyrətidir.

 Təbiət belə saxta gözəllikləri həzm etmədiyi kimi, bütöv bir ruh da saxta insanlıqla nəfəs ala bilməz. Maskalarla bəzənmiş o isti münasibətlər, əslində insan qəlbini donduran ən böyük şaxtadır.


Sərt havada insan üçündür, isti havada. Təki saxtası olmaya...


Tural İbrahim 

Yazıçı-publisist

Paylaş